Rəqəmsal Marketinq seminarı keçirilib

Sentyabrın 23-ü Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Futbolun İnkişaf Fondunun (FİF) təşkilatçılığı ilə Rəqəmsal Marketinq seminarı keçirilib. Tədbirdə Premyer Liqa klublarının, AFFA, Peşəkar Futbol Liqası və FİF-in media və marketinq sahəsində çalışan əməkdaşları iştirak edib. Seminarda “Result Sports” agentliyinin rəhbəri, sahənin aparıcı mütəxəssislərindən biri Mario Leo spiker qismində çıxış edib. Tədbiri giriş sözü ilə AFFA-nın baş katibinin müavini Kamran Vəliyev açdıqdan sonra, FİF-in icraçı direktoru Tural Piriyev “Klub futbolunda marketinqin rolu” mövzusunda fikir və təcrübələrini bölüşüb. Tədbirin davamında Kapital Bankın Marketinq Ekspert Mərkəzinin lideri Kamran Babaşov “Bankçılıq və futbolda neyromarketinq” mövzusunda təqdimatla çıxış edib. Seminar çərçivəsində yerli klublardan nümunələr təqdim olunub, iştirakçılarla qrup tapşırıqları icra edilib. Tədbir panel müzakirəsi ilə başa çatıb. Tədbirdə klubumuzdan mətbuat xidmətinin rəhbəri Elmar Abdulla-zadə və Sosial Media Meneceri Bəhram Camalov iştirak edib.