Zirə futbol klubu — Bakının Zirə qəsəbəsini təmsil edən
futbol klubu. Klub Azərbaycan Premyer Liqasında çıxış edir. 2014-cü ildə
yaradılıb. 2014/2015 mövsümünü Azərbaycan Birinci Divizionunda keçirən komanda
5-ci yeri tutmasına baxmayaraq AFFA-nın lisenziyalaşma qaydalarına əsasən Azərbaycan
Premyer Liqasına vəsiqə qazanıb. 2015/16 mövsümündən daim Azərbaycan Premyer
Liqasında iştirak edən “Zirə” bu müddətdə daim ilk 5-likdə qərarlaşıb. Komanda
bu müddətdə 1 dəfə - 2015/16 mövsümündə Azərbaycan Premyer Liqasının gümüş
medallarını qazanıb.
Zirə ev oyunlarını Zirə İdman Kompleksi -ndə keçirir. Stadion təbii ot
örtüklüdür və 1500 nəfər tamaşaçı tutumuna malikdir. Burada futbol oyunlarının
beynəlxalq standartlar səviyyəsində təşkili üçün xüsusi bina inşa edilib.
Binada dopinq nəzarəti, həkim, hakim və məşqçilər üçün otaqlar, paltar dəyişmə,
masaj, yuyunma otaqları və idmançılar və tamaşaçılar üçün ayrılıqda sanitar
qovşaqları yerləşir. Zirə idman kompleksinin tikintisinə 2011-ci ilin oktyabr
ayında başlanılıb və 2012-ci ilin aprel ayında kompleksin tikintisi tamamlanıb.
Kompleks Heydər Əliyev fondunun dəstəyi ilə tikilib. Ümumi ərazisi 2 ha olan
kompleksdə xüsusi idman təyinatlı binalar, qurğular, yardımçı tikililər inşa
edilib, ətrafı abadlaşdırılıb, yollara asfalt örtüyü çəkilib. Kompleks FİFA-nın
beynəlxalq standartlarına uyğun yaradılıb.
“Zirə” PFK tarixi ərzində 1 dəfə avrokuboklarda iştirak edib. Komanda 2017/18
mövsümündə Azərbaycanı UEFA Avropa Liqasında təmsil edib. “Qartallar” ilk mərhələdə
Luksemburqun “Differdanj” komandasını mübarizədən kənralaşdırsa da, 2-ci mərhələdə
Rumıniyanın “Astra” komandasına iki oyunun nəticəsinə görə məğlub olub. “Zirə”nin
hücumçusu Riçard Qadze isə komandanın avrokuboklarda ilk qolunun müəllifi kimi
tarixə düşüb.
Klub, növbəti dəfə Avrokuboklara 2021/2022-ci il sezonunda vəsiqə
qazanmışdır. Həmin mövsümdə komanda, Azərbaycan Premyer Liqasının üçüncü
yerinin sahibi kimi buna nail olmuşdur. UEFA Konfrans Liqasının II təsnifat mərhələsindən
mübarizəyə qoşulan Bakının "Zirə FK"-u, bu mərhələdə İsrailin
tanınmış klubu olan "Makkabi Təl-Əviv" kollektivi ilə üz-üzə gəldi.
Bakıda keçirilən ilk oyunda rəqib komanda 0-3 hesabı ilə qələbə qazandı. 1 həftə
sonra İsraildə keçirilən oyunda isə qapılara qol vurulmadı 0-0.