“Zirə” PFK ilə “Nobel İlaç” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
“Zirə” Futbol Klubu ilə ölkəmizdə fəaliyyət göstərən Türkiyənin
tanınan əczaçılıq şirkəti olan “Nobel İlaç” arasında əməkdaşlıq müqaviləsi
imzalanıb.
Razılaşmaya əsasən şirkət 2025/26 mövsümünün sonuna qədər
klubun dərman ehtiyaclarını qarşılayacaq. Bunun qarşılığında isə “Zirə” PFK-nın
əsas komandasının ev oyunları zamanı meydança kənarında yerləşən reklam lövhələrində
şirkətin “Tylolhot” markasının əks olunduğu bannerlər yerləşdiriləcək. Həmçinin
media zonada, kluba məxsus sosial media səhifələrində “Nobel İlaç”a məxsus məhsulların
əmtəə nişanlarının yer alacağı paylaşımlar ediləcək və digər xidmətlər göstəriləcək.
Qeyd edək ki, beynəlxalq səviyyədə fəaliyyət göstərən və
geniş coğrafiyanı əhatə edən “Nobel İlaç” 1964-cü ildə yaradılıb. Şirkət əczaçılıq
sənayesində 50 ölkəyə ixracatla Türkiyədə yeganə yerli dərman istehsalçısıdır.
Beynəlxalq standartlara uyğun istehsal olunan təsirli və yüksək keyfiyyətli məhsulları
ilə həyat keyfiyyətini artırmağı hədəfləyən şirkət 20-dən çox ölkədə öz nümayəndəliyi
ilə fəaliyyətini davam etdirir. Peşəkar şəkildə təchiz edilmiş, 2500 nəfər
işçisi olan böyük bir ailə olaraq Türkiyədə və xaricdə qlobal xidmət göstərir.